Bakı, 25 oktyabr, Göyçək Mahmudlu, AZƏRTAC
Məlum olduğu kimi, oktyabrın 26-27-də Azərbaycanda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Beynəlxalq Geologiya-Mədənçilik Forumu keçiriləcək. Ölkəmizin bu sahədə ilk dəfədir ev sahibliyi etdiyi mötəbər tədbirdə 30-a yaxın ölkədən 60-dan çox ekspert iştirak edəcək.
Beynəlxalq tədbirin media-tərəfdaşı olan AZƏRTAC-ın müxbiri forumda spiker kimi iştirak edən Avstraliyanın Curtin Universitetinin əməkdaşları – professor Corc Barakos və həmyerlimiz, dağ-mədən mühəndisliyi üzrə fəlsəfə doktorluğuna namizəd Ənvər Məmmədli ilə həmsöhbət olub.
- Ölkəmizdə dağ-mədən sahəsi üzrə ilk dəfə belə forumun keçirilməsini necə qiymətləndirirsiniz? Forumdan gözləntiləriniz nədən ibarətdir?
- C.Barakos: Bu təşəbbüs çox təqdirəlayiqdir. Azərbaycan əsasən neft ölkəsi kimi tanınır. Bir əsrdən çoxdur ki, bu tendensiya davam edir. Odur ki, mədən sahəsində belə bir təşəbbüslərin olması çox yaxşı bir haldır. Getdikcə bütün dünyada yaşıl enerjinin tətbiqi genişlənir. Texnologiyalar da inkişaf edir, bunun üçün kritik (sənayedə istifadəsinə ehtiyac olan) metallara da ehtiyac duyulur. Ölkələr öz ərazilərində olan kritik metalların potensiallarını qiymətləndiriblər və bununla bağlı məlumatları dərc ediblər. Azərbaycan da bu forumu təşkil etməklə bir növ həmin prosesə qoşulduğunu bəyan edir. Gözləntilərim odur ki, gələcəkdə Azərbaycan da ərazisində mövcud olan kritik metalları, nadir torpaq elementlərini qiymətləndirsin və istismarına başlasın.
- Ə.Məmmədli: Azərbaycanda belə bir forumun keçirilməsi ən çox da məni həyəcanlandırır. Kritik metallar üzrə xaricdə təhsil alan ilk azərbaycanlı tələbə, həmçinin araşdırmaçı olaraq çox sevindim. Mədən sektorunda belə bir addımın atılması Azərbaycanda yaşıl enerjiyə daha çox diqqət ayrılması, eyni zamanda, kritik metallar, nadir torpaq metallarının araşdırılaraq dövlətə həm ekonomik, həm sosial, həm də texnoloji və digər cəhətlərdən dəstək verilməsi deməkdir. Forum bu sahənin daha da inkişafına gətirib çıxaracaq. Ona görə də forumdan gözləntilərim əsasən qlobal sahədə əməkdaşlıqların olmasıdır.
- Dağ-mədən sənayesinin inkişaf etməsi nəticəsində atmosfer, litosfer, hidrosfer xüsusilə zərər görür. Ətraf mühitə ziyanı minimuma endirmək üçün hansı texnologiyaları tətbiq etmək lazımdır?
- C.Barakos: Dağ-mədən sənayesində istehsalat zamanı ətraf mühitə daha az ziyan dəyməsi üçün proses əsasən avtomatlaşdırma üzərində qurulub. Ətraf mühiti qorumaq üçün, eyni zamanda, sosial razılıq da alınmalıdır. Yəni, elə ərazilər var ki, orada mədən işləri görülə bilməz. Bu zaman həmin əraziyə yaxın yaşayan sakinlərdən də razılıq alınmalıdır. Həmçinin ətraf mühiti qorumaq üçün mədənçiliyin özünün qaydaları var ki, onlara əməl olunmalıdır. Təbii ki, bəzi texnologiyalardan - sensorlardan, rəqəmsal proqram təminatından istifadə edərək daha da yaxşı mədən işləri apara bilərik. Ümumiyyətlə, əvvəllər daha çox çirklənmələr var idisə, indi həmin texnologiyalar sayəsində çirklənmələrin qarşısı alınır. Bundan əlavə, istismar prosesindən sonra əraziyə dəyən ziyanın kompensasiya edilməsi məqsədilə də addımlar atıla bilər. Məsələn mədən qazıntıları çıxarıldıqdan sonra həmin ərazidə ağacların əkilməsi təbiəti qorumaq istiqamətində atılan addımlardan biridir.
- Bildiyimiz kimi, hazırda dünyada süni intellekt müxtəlif sektorlarda rəqabət alətinə çevrilib. İnsan funksiyalarını bir xeyli mənimsəyən süni intellekt dağ-mədən sənayesinin inkişafına nə dərəcədə fayda verir?
- C.Barakos: Süni intellekt dağ-mədən sənayesində ilk olaraq insan səhvlərinin qarşısını almağa kömək edir. Yeraltı mədənlər kimi çox təhlükəli yerlərdə daha yaxşı işləmək imkanı yaradır. Süni intellektin tətbiqi ilə vaxt və pul itkisinin qarşısını almaq mümkündür. Odur ki, iqtisadi cəhətdən də böyük faydaları var.
- Azərbaycanda metalların potensiallarının qiymətləndirilməsi ilə əlaqədar araşdırma aparmısınız?
- Ə.Məmmədli: Üç-dörd il əvvəl elmi rəhbərim Corc Barakos Azərbaycana səfər edəndə birlikdə Daşkəsəndəki filiz yataqlarını, oradakı “Çovdar” qızıl yatağını ziyarət etdik, qiymətləndirmə apardıq. Qiymətləndirməmizin nəticəsinə uyğun əsas və yan metallarla bağlı məlumatların olduğu məqalə də hazırladıq. Bundan başqa, Azərbaycanda kritik və strateji metal və mineralların da qiymətləndirilməsini aparmışıq.
- Azərbaycanda aparılan təhqiqatların nəticələri barədə məlumat verə bilərsinizmi? Qiymətləndirmələr hansı parametrlər əsasında aparılıb? Hansı məlumatlardan istifadə edilib?
- C.Barakos: Qiymətləndirmə apararkən biz hər kəsə açıq olan datadan istifadə etmişik. Görünən odur ki, bəzi məlumatlar həqiqətən də yenilənməlidir. Çünki məlumatların bir qismi keçmiş SSRİ dönəminə aiddir. Təəssüf ki, bu sahədə boşluqlar var. Qiymətləndirilməyə gəldikdə isə beş kriteriya üzərindən – texniki, sosial, ekoloji, iqtisadi və geosiyasi parametrlər üzrə aparıldı. İlkin qiymətləndirmələrin nəticələrinə əsasən gördük ki, Azərbaycanda təkcə hazırda istismar olunan metalların yox, digər metalların da potensialı var. Yəni həqiqətən də burada potensiallı kritik və strateji metallar və minerallar mövcuddur. Lakin bu, o demək deyil ki, yüz faiz həmin metal kritik ya stratejidir. Təbii ki, bunun üçün bizə konkret məlumatlar verilməlidir, ona əsasən hansı metalların kritik ya strateji olduğunu dəqiq deyə bilərik. Ümumiyyətə, dünyada kritik və strateji metallara olan maraq 2008-ci ildən başlayaraq daha çox artıb. Buna texnologiyaların inkişafı sövq etdi. Azərbaycanda isə bu istiqamətdə ilk qiymətləndirməni biz etmişik. Təbii ki, bir daha vurğulayıram, bu, dəqiq məlumat deyil. Çünki ola bilər ki, bizim bilmədiyimiz başqa mineralların da depozitləri var, onlar üçün də daha dərin araşdırma aparmaq lazımdır.
- Ə.Məmmədli: Əsasən Azərbaycan ərazisi üçün istehsal olunan metallardan 7-si - qızıl, alüminium, gümüş, mis, dəmir, sink, barium strateji hesab olunur. İlkin baxışa görə Azərbaycan üçün vanadium, nikel və kobalt kritik metallardır. Tam araşdırmalar aparıldıqdan və məlumatlar yeniləndikdən sonra daha dəqiq deyə bilərik ki, Azərbaycan üçün hansı metallar kritik, hansılar stratejidir.