Xəbərlər və Media

Azərbaycanda ilk dəfə Beynəlxalq Geologiya-Mədənçilik Forumu keçiriləcək

Oktyabrın 26-27-də Bakıda ilk dəfə olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi və Geoloji Kəşfiyyat Agentliyi tərəfindən Beynəlxalq Geologiya-Mədənçilik Forumu – “Geomining” Forumu keçiriləcək.

“Heydər Əliyev İli”nə həsr olunmuş forumun keçirilməsində əsas məqsəd Azərbaycanın mədənçilik və geologiya sahəsində mövcud və potensial imkanlarının beynəlxalq arenaya çıxarılması, qarşılıqlı şəkildə təcrübənin mənimsənilməsi, kommunikasiyaların qurulması və sözügedən sahəyə beynəlxalq və yerli investisiyanın cəlb edilməsidir.

Dünyanın bir çox ölkəsindən dağ-mədən üzrə mütəxəssislərin və geoloqların çıxış edəcəyi həmin mötəbər tədbirdə bu sahədə müasir tendensiyalar, yeni texnologiyalar və onların tətbiqində beynəlxalq metodologiyanın istifadə olunması ətrafında təcrübə mübadiləsi aparılacaq. Belə ki, forum Azərbaycanın dağ-mədən sənayesinin bu sahədə dünyada mövcud yeni yanaşmalara adaptasiyası baxımından böyük əhəmiyyət daşıyacaq. Bundan əlavə, dağ-mədən sənayesində hesabatlılıq və investisiya trendləri, geoloji kəşfiyyat işlərində yeni metodologiya və konseptual modelləşdirmə, dağ-mədən sənayesinin ətraf mühitə təsirləri kimi mövzular da forumun gündəliyində yer alıb.

Forumun media tərəfdaşı olan AZƏRTAC xəbər verir ki, bunu iyunun 7-də keçirilən mətbuat konfransında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin mətbuat katibi Nigar Orucova deyib.

N.Orucova bildirib ki, forumda 30-dan çox ölkədən 70-ə yaxın ekspertin çıxışı gözlənilir. Həmçinin ikigünlük proqram çərçivəsində yerli və beynəlxalq ekspertlərin fərdi şəkildə görüşləri, fikir mübadiləsi üçün fürsətləri yaranacaq.

Qeyd olunub ki, Forumun proqramı, çıxış edəcək spikerləri və digər məlumatları tədbirin rəsmi internet səhifəsindən əldə etmək mümkündür – www.geomining.az  . Həmçinin forum çərçivəsində “Springer Nature” beynəlxalq jurnalında elmi məqalələrin nəşri nəzərdə tutulur. Həmin nüfuzlu jurnalın bir nömrəsi tamamilə foruma həsr olunacaq.

Belə ki, forum iştirakçıları dağ-mədən, geomühəndislik və “yaşıl” enerji mövzusunda innovativ tədqiqatlarını, elmi məqalələrini bu nömrədə dərc etmək imkanını əldə edəcəklər.

Forum haqqında yenilikləri və digər xəbərlər haqqında məlumatları Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin rəsmi internet səhifəsindən (meda.gov.az), və ya feysbuk və linkedin səhifələrindən də əldə etmək mümkündü